Masazır və Xırdalan sakinləri metroya bu halda qovuşa bilər - FOTO

Oct 3, 2024 - 17:00
Oct 3, 2024 - 17:01
Masazır və Xırdalan sakinləri metroya bu halda qovuşa bilər - FOTO
Masazır və Xırdalan sakinləri metroya bu halda qovuşa bilər - FOTO

"Uzun həsrətlə "Xocəsən" metrostansiyasının açılacağı günü gözləyirdim. Ümid edirdim ki, bu stansiyanın istifadəyə verilməsi ilə saatlarla yolda qalmaq bəlasından canımı qurtaracam. Amma ümidim, kobud səslənsə də, ürəyimdə qaldı".

Bu sözləri BAKU.WS-in "qaynar xətt"inə müraciət edən Masazır sakinlərindən biri bildirib. Hər gün saat 09:00-da işə gecikməmək üçün 07:00-da evdən çıxmaq məcburiyyətində qaldığını deyən Aytac adlı sakin "28 May" metrosu ətrafında yerləşən iş yerinə getmək üçün 2 saat vaxt sərf etdiyini dilə gətirib.

Aytacın üzləşdiyi problem əslində təkcə Masazır deyil, Xırdalan, Müşfiq qəsəbəsi, Zabrat, Maştağa və digər yerlərdə yaşayan sakinlər də yaşayır. Onlar da hər gün işə getmək üçün 1,5-2 saata yaxın vaxtı yolda keçirmək məcburiyyətindədirlər. Məsələnin acınacaqlı tərəfi budur ki, adı çəkilən ərazilərə qayıtmaq üçün axam 18:00-da işdən çıxan sakinlər növbəti 2 saatı da yolda keçirirlər. Bunun nəticəsidir ki, onlar ən yaxşı halda 20:15-də mənzil başına çatırlar.

Hər gün işə gedib-gəlmək üçün 4 saat yolda keçirmək, tıxaclı, qoxulu, sıxılmış vəziyyətdə məsafə qət etmək acınacaqlı vəziyyətdən xəbər verir. Əslində "Xocəsən" metrosunun qarşısından alternativ yolla, tıxacsız Xırdalan, Masazır və digər istiqamətlərə birbaşa avtobusun olmaması da bu problemin aradan qaldırılmasına imkan vermir.

Məntiqlə əgər bu stansiyanın qarşısından Masazıra 5-10 dəqiqə vaxt sərf edərək avtobus xəttinin olması, gündəlik 4 saata yaxın vaxt israfının qarşısını ala bilər. Aytacın sözlərinə görə, o, səhər 07:05 radələrində Masazırda avtobusa əyləşərkən "20 Yanvar" istiqamətinə ən yaxşı halda 45-50 dəqiqəyə çatır. Növbəti 1 saatı isə "28 May" metrostansiyası istiqamətinə getməyə sərf edir. Əgər Aytac Masazırdan "Xocəsən" metrosuna ən qısa zamanda gələrsə, ardınca isə "28 May" metrosuna daha tez çata bilər. Oxşar problemi yaşayan Xırdalan və digər ərazilərin sakinləri də şəhərin müxtəlif istiqamətinə tez çatmaqla həll etmiş olarlar.

Lakin, təəssüf ki, Masazır və Xırdalan istiqamətinə metro xətlərinin çəkilməməsi rəsmi şəkildə açıqlanıb. Halbuki "Xocəsən" istiqamətindən Masazır və Xırdalan istiqamətinə avtobus xətlərini çəkməklə bu problemi həll etmək olar.