“Azərişıq”da hamı məzuniyyətdədir? - Masazırda 10 gündür İŞIQ PROBLEMİ yaşanır
“Artıq səbr kasamız dolub, 10 gündür “Azərişıq”dan bir adam tapa bilmirik, isti bir yandan bizi təngidir, ərzaqlarımız da bir yandan batıb gedir”.
Abşeron rayonu, Masazır qəsəbəsinin sakinləri bu şikayətlə redaksiyamıza müracət ediblər. Onların sözlərinə görə, 10 gündür ki, qəsəbədə hər gün eyni vaxtda işıqlar söndürülür və 8-10 saat işıq olmur.
Nəticədə yayın bu isti günlərində nə kondisionerdən istifadə edə bilirlər, nə də digər lazımı avadanlıqlardan...
“Yay girəndən bəri işıqlar hər gün söndürülürdü, amma son günlər ərzində bu müddət minimim 5 saatdan 8-10 saata qədər çəkir. İşıq idarəsinin qəza xidmətindən isə həmin yerdə təmir getdiyi bildirilir. Artıq evlərdə soyuducusuz, kondisionersiz ölürük.
"Azərişığ”a zəng edirik, kimsə tapılmır, heç maraqlanan da yoxdur, bu qədər təmir olar? Axı, niyə bu qədər təmir getməlidir, 10 saat təmir olar? Fikiləşmirlər ki, camaat istidən qırılır! Elə bil ki, Masazırın deyil, bütün Azərbaycanın işığını bunlar təmir edir. Son 5 gündə vəziyyət lap pisləşib. Həftədə 5 dəfə sutkanın yarısı işığı söndürərlər? Artıq səbr kasamız dolub daşır, biz məcburuq çıxıb oturaq aksiya keçirək, əsas yolu bağlayaq ki, səsimizi eşidən olsun”.
Şikayətçilər əlavə olaraq qeyd edir ki, işığı kəsirlərsə, heç olmasa sakinlərə əvvəlcədən məlumat versinlər:
“Çünki dükan sahiblərinin məhsulu xarab olub minlərlə manat ziyan dəyir. Yaxud, evlərdə xəstə, asma, şəkər xəstəsi olan insanlar var ki, istidən halı pisləşir, dükanlardan sərin su belə tapmaq mümkün olmur. Amma işıq pulu yazmağa gələndə bir gün belə ötürmürlər”
Sözügedən problemlə bağlı “Azərişıq ASC” ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumun mətbuat katibi Vaqif Aydınoğlu məzuniyyətdə olduğu üçün cavab ala bilmədik. Əlavə olaraq, Abşeron rayon İşıq idarəsinin qaynar xəttinə zəng etsək də, heç bir nömrədən cavab verən tapılmadı.
Sakinlər də bildirir ki, “Azərişığ”ın qaynar xətti dekorativ xarakter daşıyır:
“Ora günlərlə zəng eləsən, götürən yoxdur, baş aldadırlar”.
Bizim.Media olaraq, qarşı tərəfin fikirlərini və cavabını gözləyirik. Məsələni diqqətdə saxlayacağıq.
Səkinə Yusibli, Bizim.Media