Kupçalı ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxtda yaxın və ucuz evlər

Oct 7, 2024 - 13:21
Kupçalı ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxtda yaxın və ucuz evlər
Kupçalı ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxtda yaxın və ucuz evlər

Bakıya yaxınlığı və əlverişli infrastrukturuna görə Abşeron rayonunun qəsəbələri daşınmaz əmlak almaq istəyənlərin hər zaman diqqət mərkəzində olub. Əvvəllər alqı-satqı Masazır, Mehdiabad və Xırdalan kimi ərazilərdə daha çox müşahidə olunurdusa, hazırda Saray, Novxanı, Məhəmmədi kimi qəsəbələrdə bu proses olduqca artıb. Belə yerlərdən biri də Ceyranbatandır.

Yenisabah.az alıcılar üçün qəsəbədəki əmlak qiymətlərini araşdırıb.

Əvvəlcə bir neçə önəmli nüansı qeyd etmək yerinə düşərdi.

Bakı-Sumqayıt şossesi istiqamətində yerləşməsi və bu baxımdan nəqliyyat infrastrukturunun mükəmməl təşkil edilməsinə görə Ceyranbatan qəsəbəsi son illər alıcılar üçün ideal ərazilərdən biri hesab olunur.

Qəsəbə ərazisində istər mənzil, istərsə də həyət tipli evlər var. Abşeronun böyük bir hissəsini içməli su ilə təmin edən eyniadlı göl də məhz qəsəbənin yaxınlığındadır. Ceyranbatan ərazisində kommunal təchizatlar da yüksək səviyyədədir.

Qiymətlərə gəlincə, daşınmaz əmlakın qiyməti olduqca sərfəlidir. Məsələn, 3 sotun içərisində tikilmiş, 200 kvadratmetr sahəsi olan, 5 otaqlı, 2 mərtəbəli həyət evinin qiyməti 120 min manata təklif olunur. Digər tərəfdən, yeni tikili binada 3 otaqlı 93 kvadratmetr mənzilin satış qiyməti 90 min manatdır.

Qəsəbə ərazisində torpağın 1 sotunun qiyməti 5-8 min manatdan 10-15 min manatdək dəyişir. Bu seqmentdə qiymət fərqi daha çox torpaq sahəsinin yerləşdiyi əraziyə görə müəyyən edilir.

Sumqayıt avtovağzalından Bakı Beynəlxalq Avtovağzalına gündəlik hərəkət edən “Ekspress” avtobusların qəsəbə ərazisindən keçməsi, sakinlərin paytaxtda gediş-gəlişini olduqca rahatlaşdırır. Bu marşurtda avtobuslar gün ərzində hər 15 dəqiqədən bir qəsəbə ərazisindən keçir və 2 dayanacaqda saxlayır. Əlavə olaraq, qəsəbə ərazisindən Bakının “20 Yanvar” metrostansiyasına daimi “manatlıq taksilər” fəaliyyət göstərir.

Qəsəbədə məktəb, baxça, iri supermarketlər, şadlıq sarayları və ictimai iaşə məntəqələri olduqca çoxdur. Sumqayıt şəhərinin məşhur maşın bazarı da qəsəbəyə yaxındır.

Yerli realtorların sözlərinə görə, marşurt xəttinin yenilənməsi və yeni hündürmərtəbəli binaların tikilməsi qəsəbədən əmlak alışına olan marağı olduqca artırıb. Hazırda Ceyranbatandan ev və torpaq almaq istəyənlər kifayət qədərdir.