Masazırda nə üçün tez-tez işıq, qaz problemi olur?
“İşə getmək üçün yuxudan duranda artıq işıqlar sönmüşdü”, “Hər gün işığın sönməsinə adət etmişik”, “Qış gələn kimi qaz kəsilməsi, ya da təzyiqin az olmasına adət etmişik”, “Niyə külək əsəndə, yağış yağanda qəza ancaq burda baş verir?”
Bu problemləri demək olar ki, həftədə bir neçə dəfə yaşayırlar. Söhbət Abşeron rayonu Masazır qəsəbəsindən gedir. Girişdə sadaladıqlarımız Masazır sakinlərinin ortaq problemidir. Xüsusən, qış aylarında bu qəsəbənin işıq və qaz problemi tez-tez gündəmə gəlir.
Baxmayaraq ki, payızda açıqlama verən aidiyyəti qurumlar hər il qışa tam hazır olduqlarını, bütün xətlərin yeniləndiyi deyir. Lakin nədənsə qış ayları çatanda eyni problemlər təkrarlanır. Bu zaman isə qurumlar “təmir işləri ilə əlaqdardır” deməklə vəziyyətdən xilas olmağa çalışır. Amma hər gün evində işıq və ya təbii qaz kəsilən şəxsə “təmir aparılır” desəniz də inanmaz. Üstəlik, səhər saat 7-də təmir aparıldığına kim inanar?
Xüsusən, bu problem Bakı ətrafı kənd və qəsəbələrdə daha çox müşahidə edilir. Masazır qəsəbəsi isə şikayətlərin sayına görə ilk yerdədir.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Masazırda tez-tez təbii qazla bağlı problemin olması fikri ilə razılaşmadığını deyir:
“Təkcə Abşeron rayonu Masazır qəsəbəsində deyil, respublikanın hər hansı yerində qaz təchizatında fasilə müxtəlif səbəblərlə bağlı ola bilir. Məsələn, planlı təmir və ya avtoqəza nəticəsində qaz xəttinin zərər görməsi səbəbindən qəza halının aradan qaldırılması üçün təmir işləri aparılır. Bu zaman təbii ki, qaz təchizatında fasilə yaranır. Bununla yanaşı yeni qazlaşan yaşayış binaları təbii qazla təmin olunanda yeni çəkilən xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi üçün fasilələr yaranır. Bu zaman əvvəldən istehlakçılar məlumatlandırılır. Qəza halı baş verdikdə isə dərhal təbii qazın verilişi dayandırılır və təmir işləri aparılır. Bu isə kütləvi hal daşımır.
Masazırda isə qazın verilişi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Fərdi qaydada mənzillərdə çatışmazlıq yaşananda çağrı mərkəzinə müraciət edir və əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilir”.
“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Masazırda elektrik enerjisinin verilişində problemin olması ilə razılaşdı.
"Problem olan ərazilərdə xətlər, dayaqlar tam yenilənir. Elektrik enerjisinin verilişində yaranan fasilələrlə bağlı mütəmadi olaraq məlumat veririk. Masazırda 35 saylı yarımstansiya inşa edilib, hazırda əlaqələndirici xətlər çəkilir. Yəqin ki, bu həftənin sonuna işlər tam başa çatacaq. Qarşıdan bayram günləri gəlir və çalışırıq ki, əhali elektrik enerjisi ilə təminatda problem yaşamasın. Bütün bu işlər Goradil, Fatmayi, Məhəmmədi qəsəbəsi, Novxanı, Mehdabad, Saray, Yeni Saray, Qobustan, Ceyranbatan qəsəbələrində tam dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçündür. Mədəmmədidə yeni yarımstansiya tikildi və işlər tam yekunlaşdı. Novxanı, Goradildə elektrik enerjisi ilə təchizat normallaşıb. Masazır isə geniş ərazini əhatə edir. Üstəlik, əvvəl tikilən evlərə texniki şərt alınmayıb. Hər kəs bildiyi kimi evinə enerji xətti çəkib. Son 3 ildə Masazırda yenidənqurma işlərinin aparılmadığı gün olmayıb. Lakin evlər o qədər sıx tikilib ki, təmir işlərinin aparılmasına mane olur. İnsanlar evlərinin yaxınlığında işlərinin aparılmasına bəzən mane olur, sıx tikililər səbəbindən maşınlar əraziyə daxil ola bilmir. Bu da əməkdaşlarımızın işini çətinləşdirir. Təmir işlərinin gecikməsində bu problemlərin də rolu var”.
Gülxar